Lənkəran Rayonu inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Rayonunun ərazisi 1539 km2-dir. Onun 91291 hektarı quru sahə təşkil edir. Rayonda 2 şəhər, 7 qəsəbə və 84 kənd vardır. Bakıdan rayon mərkəzinədək olan məsafə 296 km-dir.
Coğrafi mövqeyi. Azərbaycanın ən gözəl guşələrindən biri olan Lənkəran respublikanın cənub-şərqində əlverişli fiziki coğrafi şəraitdə yerləşir. Lənkəran Azərbaycan Respublikası daxilində mövcud olan beş təbii coğrafi vilayətdən biridir. Lənkəranın ərazisi 38° 24' - 39° 24' şimal və 47° 58' şərq coğrafi en dairəsində yerləşir, şimaldan Kür-Araz ovalığı, şərq və cənub-şərqdə Xəzər dənizi ilə hüdudlanmışdır. İnzibati baxımdan Lənkəran Astara, Masallı, Lerik inzibati rayonları ilə əhatə olunmuşdur. Relyefinə görə ərazisi əsasən düzənlik və müəyyən qədər dağlıq hissədən ibarət olmaqla cənuba doğru getdikcə ensizləşir. Hündür dağətəyi sahədə 200 metr, Xəzər dənizi sahilində okean səviyyəsindən 28 metr aşağıda yerləşir.
Çaylar. Lənkəranın çay şəbəkəsinin nisbətən sıx olması digər regionlardan fərqlənir. Vilayətdə yağıntıların miqdarına uyğun olaraq çay şəbəkəsinin ən çox sıxlığı 500 min metr yüksəklik zonasında müşahidə olunur. Həmin yüksəklikdən yuxarı şəbəkənin sıxlığı azalır. Lənkəranın böyük çayları Lənkərançay, Bəşəruçay, Veravulçay, Boladıçay və digər çaylar yağış, qar, yeraltı sular ilə qidalanır və Xəzər dənizinə tökülür. Çaylar yaz və payız fəsillərində gur axır. Çayların suyundan suvarmada istifadə etmək üçün Xanbulançay su anbarı və suvarma şəbəkələri yaradılmışdır.
Təbii ehtiyatlar. Lənkəran özünün təbii ehtiyatları ilə məşhurdur. Ərazisi çay daşı, qum, gil, çınqıl Xəzərin sahillərində balıqqulağı çöküntüləri ilə örtülmüş, Talış dağlarında isə vulkan mənşəli süxurlar yayılmışdır. Rayonda müalicəvi əhəmiyyətli termal və mineral su mənbələri mövcuddur ki, həmin sulardan müalicə ilə istifadə olunur. Aparılmış tədqiqatlar nəticəsində Xəzərin Lənkəran sahilləri yaxınlığında neft və qaz ehtiyatları olan dörd perspektiv struktur aşkar edilmişdir Lənkəran dəniz, Talış dəniz, Şah ağacı dəniz və Lerik dəniz. Bu yataqların birində kəşfiyyat işləri aparılmış və həmin strukturda zəngin neft və qaz ehtiyatları aşkar edilmişdir.
Torpaq örtüyü. Lənkəran rütubətli subtropik iqlim qurşağında yerləşir. Bu iqlimin ərazidəki torpaq tiplərinin yaranmasında mühüm rolu olmuşdur. Rayonun ərazisində aşağıdakı torpaq tipləri vardır. Qırmızı torpaq, Sarı torpaq, Podzollaşmış Sarı torpaq, Bataqlıq torpaqlar. Torpağın qırmızı və Sarı olması onların tərkibində dəmir birləşmələrinin olması ilə əlaqədardır. Qırmızı torpaqlar ağır gilicəli və gilli mexaniki tərkibə malik olmaqla fizioloji turş xassəlidir. Bu torpaqlarda əsasən sitrus və tərəvəz bitkiləri becərilir.
Lənkəran rayonu ərazisində 22675 hektar təbii meşə sahəsi və 850 hektar meşə fonduna daxil olmayan yaşıllıqlar mövcuddur. Meşələr 1 qrup meşələr olmaqla dağlıq və dağətəyi ərazilərdə yerləşir. Zəngin bitki örtüyünə malikdir. Meşə örtüyünün əsasını Qırmızı kitaba daxil edilmiş ağac və kol cinsləri təşkil edir. Zəngin flora və faunası ilə məşhur olan Hirkan Milli Parkı və Qızılağac qoruğu Lənkəranın zəngin təbiət muzeyidir.
Hirkan meşələrində Şabalıdyarpaq palıd, Dəmirağac, Qafqaz xurması, Göyrüc, Fısdıq, Vələş, Yalanquz, Azad ağacları, Yemişan, Şümşad və Hİrkan bigəvəri cinsli kollar geniş yayılmışdır. Rayon ərazisində 38 ağac və 8 hektar qiymətli meşə sahələri təbiət abidəsi kimi qorunur. Qızılağac dövlət təbiət qoruğu Xəzər sahilinin cənub-qərbində 88,3 min hektar ərazidə yayılmışdır. Qoruq ərazinin 72,7 faizini su akvatoriyası, 13,8 faizini kolluq təşki! edir. Qoruğun florasını ali bitkilərin 360 növü 4 az yayılmış növü təşkil edir. 248 növ quşa və 54 növ balığa təsadüf edilir. Qoruqda Qızılqaz, Ağduma, Qaşqaldaq, ördəklər, Ququşu, Qaz, Bəzdək, Soltan toyuğu və Turac qorunur. Qoruqda 7 fəsildən ibarət 23 növ məməli vardır.
Hirkan Milli Parki 2906 hektar sahədə III dövrün Hİrkan tipli endemik və yeni tipli bitkiləri qorumaq məqsədilə yaradılmışdır. Qoruq ərazinin 99,8 faizi meşə ilə örtülmüşdür. Dağlıq hissəsi 96,9 faiz təşkil edir. Qoruğun florası 1900 növdən ibarətdir. Onlardan 162-si endemik, 95-i nadir, 38-i tükənmiş növlərdir. Faunasının tərkibinə endemik və relik heyvanların qanadsız həşəratlar və moluskaların kifayət qədər çox növü daxildir. Məməlilərdən Tirandaz, Porsuq, Daş dələsi və zolaqlı Koreşən xüsusi maraq doğurur. Qoruq ərazisində Xallı maral, Cüyür, vəhşi pişik, Yenot, tülkü, Canavar, Oxlu Kirpi, Çöl donuzu, çaqqal, çöl pişiyi vardır.